Aprelin 16-da “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində başlayan növbəti “Kətə” festivalı bu gün başa çatıb.
Tədbirdə aparıcılar festival iştirakçılarına naxçıvanlıların daha çox yaz mövsümündə hazırladıqları kətə növləri haqqında məlumat veriblər. Qeyd olunub ki, xalqımızın qədim kulinariya mədəniyyətində mühüm yer tutan xəmir yeməkləri içərisində kətə məxsusi dadı ilə seçilir. Keçmiş dövrlərdən bu günə qədər Naxçıvanda bişirilən qarışıq göyərti, şomu, çiriş, gicitkən, mərəçüyüd, balqabaq, mərcimək, cəviz kətələri, halvalı kətə, şirin kətə, döymə kətə çox məşhur olub. Yazın ilk aylarında yeyilə bilən yabanı bitkilərdən hazırlanan kətə çeşidləri Naxçıvan mətbəxində xüsusi yerə malikdir. Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar və vitaminlərlə zəngin olan və yeyilə bilən yabanı bitkilərin yayılmasına imkan verir. Belə bitkilərdən hazırlanan kətə də insan orqanizmi üçün faydalıdır.