Avropada ölkə kirayə verilir

35 min əhalisi olan və 160 km2 olan kiçik bir Avropa ölkəsi olan Lixtenşteynin rəhbərliyi tərəfindən qeyri-adi bir addım atılıb. Bir neçə sutkalıq kirayə oluna bilən bu ölkə, əsasən zəngin turistlər tərəfindən icarə olunur. Gündə sadəcə 70 min dollar ödəyərək özünüzü real olaraq bir ölkənin monarxı kimi hiss edə bilərsiniz.

Yeni marsoxodun yığılması başa çatıb

NASA Marsa ilk pilotlu kosmik gəmini 2030-cu illərdə göndərməyi planlaşdırır

NASA-nın texnikləri yeni marsoxodun – “Mars 2020 Rover” kosmik aparatının yığılmasını başa çatdırıblar və onun sınaqlarının final mərhələsinə başlayıblar. Bu barədə ABŞ-ın Pasadina şəhərində yerləşən Reaktiv Hərəkət Laboratoriyasının nümayəndələri xəbər yayıblar.Laboratoriyanın nümayəndəsi Devid Qryuel bildirib ki, sınaq və tamamlama işləri 2020-ci ilin iyuluna qədər davam edəcək. Onun sözlərinə görə, qarşıdakı aylarda montaj işlərinin keyfiyyəti yoxlanılacaq, habelə yürüş, akustik və digər sınaqlar keçiriləcək. Kosmik aparat bir həftə ərzində kosmosda olan bütün şəraitin yaradıldığı termobarokamerada qalacaq.

Xəz istehsalı qadağan oluna bilər

Norveç hökuməti xəz istehsalı ilə məşğul olan təsərrüfatların qadağan olunması barədə planları şərh edib

Norveç hökuməti 2025-ci ilə qədər xəz istehsalı ilə məşğul olan vəhşi heyvandarlıq təsərrüfatlarının fəaliyyətinin qadağan olunması barədə planları şərh edib. İş adamları bu qadağa müqabilində biznesmenlərə təklif olunan maliyyə kompensasiyasını “tarixi satqınlıq” adlandırıblar. Norveç KİV-ləri xəbər verir ki, atıq ölkə parlamentinə təqdim edilmiş yeni qanun layihəsinə əsasən, heyvanların xəzini satmaq və ya bu xəzdən hər hansı başqa şəkildə istifadə etmək məqsədilə 2025-ci ildən sonra belə heyvanların saxlanması qanunsuz elan ediləcək. Təklif olunan qadağa 2018-ci ilin yanvarında əldə edilmiş razılaşmanın nəticəsidir. O vaxt sağçı hökumət kiçik liberal partiyanı öz sıralarına qoşub və həmin partiya bu tədbirin tətbiq olunmasını təkidlə tələb edib.

Şabrandakı badam bağlarından ilk məhsul yığılacaq

Şabran rayonunda dörd il əvvəl salınan badam bağlarından bu il ilk məhsul toplanacaq. Təsərrüfat sahibləri məhsuldarlığın yüksək olacağını bildirirlər. Son günlər hava şəraiti qeyri-sabit keçsə də, vaxtında aparılan aqrotexniki tədbirlər nəticəsində çiçəkləmə dövründə olan ağaclara ziyan dəyməyib.Şabran rayonunda 83 hektar badam bağı mövcuddur. Ötən ilə kimi bu bağların cəmi 6 hektarı barverən idi. Həmin badam bağlarından 12 tona yaxın məhsul toplanıb.Şabran rayonunun iqlim şəraiti və coğrafi mühiti badam və qoz bağlarının becərilməsi üçün olduqca əlverişlidir. Ötən il rayonda fermerlər tərəfindən 8,8 hektar yeni badam bağı, 15,2 hektar qoz bağı salınıb. Rayonda badam və qoz bağlarının salınması işləri davam etdirilir. Fermerlər yeni salınan superintensiv bağlarda xarici ölkələrin təcrübəsindən faydalanırlar. Qarşıdakı illərdə Şabran rayonunda badam bağlarının sahəsinin 200 hektara çatdırılması nəzərdə tutulub.

Müharibə veteranları üçün pulsuz uçuş

Azərbaycanın müharibə veteranları “Aeroflot”un pulsuz uçuş aksiyasından yararlana biləcəklər

Rusiyanın "Aeroflot" aviaşirkəti Böyük Vətən müharibəsində qələbənin 74-cü ildönümü münasibəti ilə cari ilin 3-12 may tarixlərində veteranların pulsuz daşınması üzrə ənənəvi aksiya keçirir. Aksiyanın keçirildiyi dövrdə Böyük Vətən müharibəsinin bütün kateqoriyadan olan veteran və əlilləri, həmçinin faşizmin keçmiş yetkinlik yaşına çatmayan məhbuslarına Rusiya daxilində istənilən marşrut üzrə, həmçinin Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Latviya, Estoniya, Litva, Moldova, Gürcüstan və Rusiya Federasiyadakı bütün məntəqələr arasında pulsuz uçuş etmək imkanı veriləcək.

Maldiv adaları- Vaadhoo Sahili

Hava qaralarkən meydana çıxan mavi rəngdə olan parlaq ləkələr Maldiv adalarındakı Vaadhoo çimərliyində turistlərin sevə-sevə baş çəkdiyi ən füssünkar məkanlardan biridir. Bu mənzərə, sanki ulduzların göy üzündən enərək dəniz suyuna səpələnməsinə bənzəyir. Bir sözlə,artıq çoxlarının tanıdığı Vaadhoo çimərliyini “təbiətin möcüzələrindən biri” kimi adlandırmaq olar.

Vaadhoo Maldivin dəb-dəbəli adalarından birində yerləşir. Gündüz vaxtı bu məkan sadə,qumlu və palmalı çimərliklərdən heç də fərqlənmir. Lakin qaranlıq düşən kimi bura nağıllar aləminə bənzəyir.

Kökbörü oyunu

Dünya Etnospor Konfederasiyası gələnəksəl Türk oyunlarını tanıdır

Qədim türklərin “Kökbörü” oyunu Türkiyədə geniş təbliğ olunur. Dünya Etnospor Konfederasiyasının tanıtdığı və keçirdiyi festivallarda oynanılan gələnəksəl oyunlar arasında qədim Türklərin Kökbörü oyunu da sevilərək oynanılır.

Türk xalqlarına aid gələnksəl oyunların təbliğində və dirçəldilməsində Dünya Etnospor Konfederasiyası böyük çalışmalara imza atıb. Bu çalışmalar sayəsində Türk xalqlarına aid ortaq kültür nümunələri və gələnəksəl oyunlar tapılaraq tanıdılır və öyrədilir. Belə oyunlardan biri də Qədim türklərin kökbörü oyunudur.

Gələnəksəl mətbəximiz - Ləvəngi

Azərbaycanın cənub bölgəsinin ən sevilən yeməklərində biri ləvəngidir. Ləvəngi sözünün ilkin mənası "içi doldurulan" deməkdir. Ləvəngi balıq və ya toyuqdan hazırlanır. Balıq ləvəngisi əsasən kütüm balığından hazırlanır. Azərbaycanın Abşeron yarımadasında və Lənkəran, Masallı, Salyan, Neftçala rayonlarında daha çox bişirilir. Kütüm ləvəngisi adətən təndirdə bişirilir. Ləvənginin tərkibini qoz ləpəsi, soğan, lavaşana, duz və istiot təşkil edir. Yeməyin hazırlanması heç də çətin deyil -əsası odur ki, təzə balıqdan istifadə edəsiniz. Əgər balığın kürüsü varsa, onu atmayın. Ondan da çox ləzzətli ləvəngi içi hazırlamaq olar. Kürünü qoz və digər ərzaqlara əlavə edib qarışdırmaq olar. Bu zaman qozun miqdarını bir az azaldın. Balıq ləvəngisinin hazırlanmq üçün 1 ədəd iri kütüm, 1 ədəd iri baş soğan, 500 q qoz ləpəsi, 2 xörək qaşığı palçıq turşu, zövqə görə duz və istiot lazımdır.