“ƏDƏBİYYAT DASTANININ RAMAZAN QAFARLI BOYU”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında folklorşünas, qorqudşünas, filologiya üzrə elmlər doktoru, professor Ramazan Oruc oğlu Qafarlının 70 illik yubileyinə həsr edilən “Ədəbiyyat dastanının Ramazan Qafarlı boyu” adlı elmi praktik konfrans keçirilib. Karantin rejimi qaydalarına əməl olunmaqla təşkil olunan konfransda filialın professor-müəllim heyəti uyğun istiqamətlər üzrə elmi məruzələrlə çıxış ediblər.Filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayevanın moderatorluğu ilə baş tutan konfrans Ramazan Qafarlının həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə açıq elan olunub. ADPU-nun Quba filialının direktoru dos. Y. Alıyev “Azərbaycan ədəbiyyatının Ramazan Qafarlı boyu” mövzusunda çıxış edib. O, R. Qafarlını şəxsiyyət kimi xarakterizə edib, tədqiqat uğurlarının sirrindən bəhs edib. Bildirib ki, onun Azərbaycan ədəbiyyatı qarşısında xidmətləri danılmazdır və daim xatırlanacaq. Yusif Alıyev R. Qafarlını 70 illik yubileyi münasibətilə kollektiv adından təbrik edib və bildirib ki, professor Elmi Şuranın qərarı ilə fəxri fərmana layiq görülüb.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri. AMEA-nın həqiqi üzvü prof. Muxtar İmanov Yusif Alıyev və rəhbərlik etdiyi kollektivə görkəmli ziyalı Ramazan Qafarlıya belə ehtiramla tədbir həsr etdikləri üçün təşəkkürünü bildirib. O, bidirib ki, R. Qafarlı yalnız şifahi xalq ədəbiyyatı deyil, həm də Azərbaycan yazılı ədəbiyyatının köklü problemləri ilə məşğul olub. Onun ssenariləri əsasında filmlər çəkilib. Qəzet, jurnal, mətbuat işinin problemləri ilə ciddi məşğul olub. “Dədə Qorqud araşdırmaları” adlı jurnalın təsis olunması da birbaşa onun adı ilə bağlıdır.AMEA-nın həqiqi üzvü Prof. İsmayıl Kazımov bildirib ki, R. Qafarlı ilə tanışlığı 50 il öncəyə təsadüf edir. Professor R. Qafarlının çox mühüm sahələrin tədqiqatı ilə məşğul olduğunu bildirib. Yubiley tədbirində iştirak edən ADPU elmi heyət nümayəndələri Ramazan Qafarlı yaradıcılığı ilə bağləı məruzələrlə çıxış edib, Onu alim və pedaqoq kimi xarakterizə edib, mifoloji araşdırmalarına aydınlıq gətiriblər. Sonda çıxış üçün söz prof. Ramazan Qafarlıya verilib. Professor öncə hər kəsə təşəkkürünü bildirib, tədbirdən təsirləndiyini vurğulayıb. Bildirib ki, hələ əlinə qələm alıb yazmağa başlayanda bəxti gətirdiyi üçün özünü şanslı hesab edir. Çünki iki böyük şəxsiyyət onun ustadı olub: Biri Bəxtiyar Vahabzadə, digəri isə İsmayıl Şıxlı. Professor hər iki ustadı ilə bağlı xatirələrini bölüşüb.