Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ölkəmizdə aqroekoturizmin inkişafına həsr olunan “Şəhərdən Kəndə” layihəsinə start verib. Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən həyata keçiriləcək
layihəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyi dəstək verir.
“Şəhərdən kəndə” layihəsinin təqdimat mərasimində çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi islahatlar həyata keçirilir: “Biz tərəfdaş qurumlarımız ilə birgə “Şəhərdən Kəndə” adlı aqroekoturizm layihəsini həyata keçirmək qərarını verdik. Bu layihə aqrar sahənin inkişafı vasitəsilə kənd turizminin formalaşmasına yönəlmiş bir fəaliyyətdir. Aqroekoturizmin inkişafı iqtisadi-sosial sahələrin inkişafına təkan verməklə yanaşı, ölkələr arası mədəniyyətlərin inteqrasiyasına da töhvə verəcək”.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev çıxışında təqdim olunan layihənin kənd turizminin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu deyib: “Layihənin icrası zamanı xüsusi diqqət yetirilməli məqam şəhərdən kəndə gələn insanların maraqlarını təmin etmək, baş verə biləcək neqativ antropogen təsirlərin minimuma endirilməsi olmalıdır. Kənd mühiti, kənd təbiəti özündə saflığı təcəssüm etdirir. Kəndə gələn insanlar geriyə şəhərə qayıdarkən, özləri ilə müsbət enerji aparırlar. Kənd mühiti insanlarda xoş təəssürat buraxmalıdır”.
Daha sonra tədbirdə “Şəhərdən Kəndə” layihəsinə həsr olunmuş film nümayiş edilib.
Filmin nümayişindən sonra çıxış edən Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova bildirib ki, “Şəhərdən Kəndə” layihəsinin iştirakçısı olan yerli və əcnəbi turistlər maraqlı, fərqli və daha sərfəli istirahət etmək, kənd təsərrüfatı mallarını yerində almaq və təbiətə daha yaxın olmaq imkanı əldə edəcəklər.