“ŞAHİNLƏRİN GÖRÜŞÜ-2026”DA YÜKSƏK SƏVİYYƏLİ MÜŞAHİDƏÇİ GÜNÜ

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və yüksəksəviyyəli qonaqların iştirakı ilə “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Müdafiə Nazirliyindən verilən bilgiyə görə, əvvəlcə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib. “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənova təlimin məqsədi, mərhələləri, eləcə də iştirakçı qüvvələr və vasitələr barədə ətraflı bilgi verilib. Sonra “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün iştirakçıları təlimin gedişatını, eləcə də aviasiya vasitələrinin hər iki ölkənin dövlət bayraqları ilə nümayiş keçidini izləyiblər. Qeyd edək ki, oktyabrın 12-dən etibarən müdafiə və hücum xarakterli hava əməliyyatları, eləcə də döyüş şəraitində axtarış-xilasetmə tapşırıqlarının icra olunduğu “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində hərbi qulluqçuların nümayiş etdirdiyi peşəkarlıq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib. Sonda qonaqlar təlimdə cəlb olunan aviasiya vasitələri ilə tanış olublar.