“Çölçü” Milli Mədəni İrsin İnkişafı İctimai Birliyi Qərbi Azərbaycanlıların doğma torpaqlarına qayıdışına həsr olunmuş “Qərbi Azərbaycan tarixin gözü ilə: fotolorda, sənədli filmlərdə, arxivlərdə” adlı sənədli film layihəsinin icrasına başlayıb.
İctimai Birliyin rəhbəri Qafqaz TV-ə bildirib ki, layihənin məqsədi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsi üçün bu mövzuya aid yüksəkkeyfiyyətli sənədli film hazırlamaqdır.
Eyni zamanda, sənədli film vasitəsilə bu sahədə maarifləndirmə işini daha da irəliyə aparmaq, beynəlxalq ictimaiyyətin bu sahədə bilgi səviyyəsini artırmaqdır.
Filmin çəkilişləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Artıq filmin yaradıcı heyətinin ilk görüşü keçirilib. Görüşdə hazırlanacaq sənədli filmlə bağlı zəruri detallar müzakirə edilib və atılacaq növbəti addımlar müəyyənləşdirilib.
“Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasına töhfə verilməsi üçün bu sahədə maarifləndirici silsilə və kompleks fəaliyyətlərin həyata keçirilməsi çox önəmlidir. Bu vacib missiyada da “Çölçü” İctimai Birliyinin komandası öz məxsusi rolunu oynamaq istəyir.
Sənədli filmin 3 ay ərzində hazırlanması və geniş ictimaiyyətə təqdimatı planlaşdırılır.