“ZƏFƏR YOLU” SENTYABRADƏK HAZIR OLACAQ

“Zəfər yolu” Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir. Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlətimizin başçısının tapşırıq və sərəncamına əsasən genişləndirilərək inşası davam etdirilir. Ötən il noyabr ayının 16-da, Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirildi. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olundu. “Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Artıq yolboyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun profilə salınması və ikinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.