“YAYLAĞA GEDƏN YOL” ADLI FOTO BEYNƏLXALQ MÜSABİQƏDƏ QALİB OLDU

“Azerbaijan Airlines” bort jurnalının baş fotoqrafı Sergey Kivrin nəşrin 2019-cu il 60 nömrəli sayında dərc olunan "Yaylağa gedən yol" reportajına görə Dünya İdman Mətbuatı Assosiasiyasının mükafatına layiq görülüb.

1924-cü ildən bəri mövcud olan Dünya İdman Mətbuatı Assosiasiyası (AIPS) bu sahədə dünyanın ən nüfuzlu təşkilatlarından biridir. Assosiasiya beş qitənin aparıcı idman mediasını təmsil edir. Onun mükafatı idman hadisələrini işıqlandıran jurnalistlər cəmiyyətində ən yüksək mükafat hesab edilir. Bu ilin fevral ayında Budapeştdə “AIPS Sport Media Awards 2019” müsabiqəsinin nəticələrinə yekun vurulmuşdur. Müsabiqədə 125 ölkədən iki minə yaxın jurnalist öz işini təqdim etmişdir. "Fotoqrafiya", "Çap Mətbuatı" və "Jurnalist Bloqu" kateqoriyaları üzrə qaliblər müəyyənləşdirilmişdir. O cümlədən, “Azerbaijan Airlines” bort jurnalının baş fotoqrafı Sergey Kivrinə mükafat təqdim edilmişdir. Sergey Kivrinin çəkdiyi Yaylağa gedən yol” adlı fotoreportaj Gədəbəydə keçirilən “Milli Yaylaq Festivalı”na həsr olunmuş tədbirdən çəkilən fotolar idi.