Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya ərazisi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu haqda qərar 2023-cü ilin 18 sentyabr tarixində
UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında qəbul edilib.
Dövlət Turizm Agentliyi tərəfindən hazırlanan nominasiyaya əsasən Ümumdünya İrs Ərazisi Xınalıq kəndi də daxil olmaqla, yerli əhalinin istifadə etdiyi ətraf yaylaq (Quba və Qusar) və Mərkəzi Aran bölgəsinə düşən qışlaq ərazilərini (Abşeron və Hacıqabul), həmçinin onların arasında uzunluğu 200 km-dən çox olan tarixi Köç yolunu (Quba-Şamaxı-Qobustan) əhatə edir.
UNESCO-ya təqdim edilən sənədin əsasını Xınalığın köçəri mədəniyyəti təşkil edir. Əks etdirdiyi ümumbəşəri dəyərlər nəzərə alınmaqla, unikallığı ilə seçilən bu zəngin irs “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya sənədi 2021-ci ildə Ümumdünya İrs Komitəsinə təqdim edilib.
Dünya İrs siyahısına salınmış ərazidə köçərilərə aid qədim tarixi qəbiristanlıqlar, müqəddəs yerlər, pirlər, tarixi körpülər, bulaqlar kimi maddi mədəniyyət nümunələri var.
Qeyd edək ki, daha öncə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Hirkan meşələri Azərbaycanın ilk təbiət irsi ərazisi olaraq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.