“TƏMİZ QUBA” MKTB ƏHALİYƏ MÜRACİƏT ETDİ

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də ekoloji təhlükəsizliyin təmin edilməsidir. Ekoloji siyasətin əsası isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına, mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirmişdir. Həmin illərdə imzalanan bir sıra mütərəqqi qanunlar onu göstərir ki, ekoloji problemlərin həlli dövlətimizin diqqət göstərdiyi əsas istiqamətlərdəndir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin imzaladığı Fərmanlarda, təsdiq etdiyi Dövlət Proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmiş, yaşıllıqların artırılması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunmuşdur. Prezident cənab İlham Əliyevin yanında keçirilən ekoloji problemlərə həsr olunmuş müşavirələrdə də bir qayda olaraq ekoloji tarazlığın bərpa edilməsi, ətraf mühitin qorunması, yaşıllıqların genişləndirilməsi istiqamətində görülən işlər, qarşıda duran konkret vəzifələr açıqlanır. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə mühüm işlər görülərək uğurlu nəticələr əldə olunmuşdur. Ekoloji hüquq pozuntularına görə məsuliyyətin artırılması ekoloji nəzarət sahəsində iqtisadi tənzimlənmə mexanizminin qurulmasına gətirib çıxarmışdır. Ümumilikdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı iqtisadi inkişafın ümumi konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Quba şəhərində, eləcə də rayonumuzun ərazisində bu sahədə mühüm işlər görülür, müvafiq tədbirlər həyata keçirilir. Qeyd edək ki, bu sahədə rayon əhalisinin üzərinə də böyük məsuliyyət düşür. “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat birliyi tərəfindən Quba şəhərinin küçələrinin təmizliyi gündəlik olaraq nəzarətdə saxlanılır, toplanmış məişət tullantılarının daşınması müntəzəm olaraq həyata keçirilir. Lakin, bəzi hallarda sakinlər tərəfindən qaydalara məhəl qoyulmadığından, ümumi işin ahənginə xələl gətirir. Bərk məişət tullantılarının yığılması, daşınması və zərəsizləşdirilməsi barədə Azərbaycan Respublikasının Tarif Şurasının 29 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının tələblərinə əməl etmələri xahiş olunur. İnanırıq ki, rayonumuzun əhalisi qarşıdakı illərdə də öz ənənələrinə sadiq qalaraq ətraf mühitin mühafizəsi - havanın, suyun, torpağın təmizliyinin, insanların sağlamlığının qorunması üçün əllərindən gələni əsirgəməyəcək, uğurlu nəticələrə öz töhfələrini verəcəklər.