“SMART VİLLAGE” - DÜNYANIN ƏN “AĞILLI” LAYİHƏSİ QARABAĞDA

Qarabağda ilk dəfə həyata keçiriləcək layihənin icrası 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir.Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Həmçinin bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.“Ağıllı kənd” və “Ağıllı şəhər” elə bir ərazidir ki, orada məlumat toplamaq üçün müxtəlif elektronik və rəqəmsal metodlardan, sensorlardan istifadə edilir. Toplanılmış məlumatlardan əldə edilən anlayışlar aktivlərin və resursların səmərəli istifadəsinə yönəldilir. Bu konsepsiyada Əşyaların interneti, Süni intellekt, Blokçeyn və s. texnologiyalar tətbiq olunur. Bu texnologiyalar əsasında müəyyən komponentlər formalaşdırılır. Nümunə olaraq, elektrik enerjisi və su sərfiyyatının elektronlaşdırılması, müəyyən edilmiş yerlərdə toplanmasını göstərmək olar. Nəticədə əhali müəyyən proqram təminatından istifadə edərək həm öz kommunal tarixçəsini görür, həm də ödənişlərini edə bilir.İşğaldan azad edilmiş regionda “smart-city” layihələrinin tətbiqi həmin regionu bu günün tələbi olan innovativ, texnologiya əsaslı investisiyaların axınını sürətləndirməklə, eyni zamanda növbəti mərhələdə Qarabağda innovasiya mərkəzləri və texnoparkların yaradılması üçün fundamental əsas rolunu oynaya bilər.