“QAÇAQ MAYIL MAĞARASI” ÖZÜNDƏ BİR TARİX YAŞADIR
Baxış sayı: 2933
Azərbaycan xalqı öz keçmişi ilə öyünən xalqdır. Və bu elə bir keçmişdir ki, bu keçmişlə tək öyünmək yox, onu qoruyub, yaşadıb, gələcək nəsillərə ötürmək gərəklidir. Elə də olub: yaşanıb, yaşadılıb, qorunub, miras qalıb bizlərə. Tək qəhrəmanlıq dastanlarında yox, yaddaşlardan yaddaşlara köçüb yaşayıb. Bu böyük məmləkətə, Oğuz yurduna kimlər göz dikməyib ki... Və bu Odlar Yurdunun üstündən qara buludlar əsəndə xalq bir yumruq olub, Yurdunu yadelli tapdağı altında qoymayıb. Deyirlər torpaq uğrunda canından keçməyə hazır olan övladları ilə vətənləşir, yurdlaşır. Mayıl Zahiroğlu da belələrindən idi. Mayıl Zahiroğlu adı yəqin ki sizə tanış gəlmədi, amma Qaçaq Mayıl desəm onunla bağlı eşitməyən, duymayan az insan tapılar.
Qaçaq Mayıl zaman- zaman havadarlarının dəstəyi ilə Azərbaycanı yağmalayan, torpaqlarına göz dikən ermənilərin və bu havadarlardan biri olan Çar Rusiyasına qarşı mübarizə aparan və Azərbaycan xalqınını yaddaşında qəhrəmanlıq dastanına dönüşən bir insandır. Əsrin əvvəllərində dəfələrlə erməni bolşevik quldur dəstələrinin qarşısını alaraq qələbələr qazanıb. Qaçaq Mayıl və başına yığdığı igidlər 1918-1920-ci illərdə Quba və Şamaxı qəzalarında erməni-daşnak və rus-bolşevik quldurlarına qarşı döyüşüb, bir çox kəndlərdə dinc sakinlərə qarşı qətliamların qarşısını alıb. Bu savaşda səngərini dağlarda qurub.
Bu gün də Qubanın Təngəaltı kəndindəki dağda Qaçaq Mayılın mağarası kimi tanınan bir mağara var. Uzun illər ərzində daşnak ermənilərin apardığı siyasətlə Qaçaq Mayılın adı tarix kitablarından silinsə də Azərbaycanın 2-ci dəfə müstəqillik qazanmasl ilə bu el qəhrəmanın da tanınmasına şərait yarandı. Onun haqqında olan bütün bilgiləri məhv etməyə çalışan NKVD arxivlərində şəkilləri belə məhv edilsə də ailsində qalan bir şəkili və haqqında aparılan araşdırmalar sonucu hazırda Qaçaq Mayılın rəsmləri çəkilib. Kitab illüstrasiyası ilə məşğul olan gənc rəssam İsgəndər Məmmədov deyir ki, Qafqaz TV-nin direktoru Eltən Qədimbəyli məndən Qaçaq Mayılın rəsmlərini çəkməyimi istəyəndə Qaçaq Mayıl haqqında heç bir bilgisi olmayıb. Amma araşdrıma apardıqca, Qaçaq Mayılı tanıdıqca Azərbaycanın belə qəhərəmanlarının olması onda qürur hissi doğurub və gənc nəslin belə qəhrəmanları tanıması üçün bu işin gərəkli olduğu qənaətinə gəlib.
Azərbaycanını yenidən müstəqilliyini qazanması ilə Azərbaycan uğrunda savaşan el oğullarını tanımağa başlayan insanlar Qaçaq Mayılın da göstərdiyi igidlikləri öyrəndilər. Bundan sonra Qaçaq Mayılı tanıyan, döyüş yolunu eşidən hər kəsin içində bir istək də yarandı: təxminən 150 m yüksəklikdəki bu mağaraya qalxmaq, illərin sınağından keçib gələn, igidlərin sığınacağı olan bu mağaraya yaxından baxa bilmək. 100 ilə yaxın insanların bu mağaraya qalxa bilmək istəyi gerçəkləşməsə də indi dağdakı bu doğal muzeyə, tarixi məkana uşaqdan böyüyə hər kəsin getmək imkanı var. İş adamı Gülağa Əliyev deyir ki, bu mağaraya qalxmaq çox riskli olsa da gəncləri bu risk saxlamırdı. Bunun belə olduğunu görüb Qaçaq Mayılın mağarasına daha təhlükəsiz yol çəkmək və bununla da hər kəsin mağaraya qalxmaq imkanı olmasını istəyib
Gülağa Əliyev deyir ki, mağaraya qalxmaq üçün ən azı 250 pillə çıxmaq lazımdır. Bu yolda qayaların üzərinə Qaçaq Mayılla bağlı bilgilər olan lövhələr vurulub ki, mağaraya qalxan insanlar yolda ayaq saxlayıb istirahət edəndə də çağlarını səmərəli keçirib, mağaraya qalxana qədər Qaçaq Mayılı daha yaxşı tanısınlar
Azərbaycanın turizm bölgələrindən olan Qubaya səfər edən turistlərin indi gedəcəkləri daha bir turizm marşrutu yaranır. Əgər əvvəllər Quba-Afurca marşrutu üzrə hərəkət edən turistlər Qaçaq Mayılın mağarasına Təngəaltı dərəsindən, Vəlvələ çayın kənarında dayanıb seyr edirdilərsə, indi əl çatmaz sıldırım qayalarda yerləşən mağaraya rahatlıqla qalxa biləcəklər.
İndi Qubaya gələn turistlər arasında tək ekstrimal turizm həvəskarları deyil, tarixlə maraqlanan, mədəni istirahətə üstünlük verən hər kəs Təngəaltı kəndinə gedib bir çağlar yetişmək üçün bir çox zorluqların üstələnməsi gərəkdiyi halda indi sadəcə bura gəlib həm gözəl təbiət mənzərələrini seyr edə, hım də Azərbaycanın qəhrəmanlıq tarixinə toxuna, onu yaxından hiss edə bilərlər.