“KÖHNƏ ÇAMADANLAR” FİLMİNİN ÇƏKİLİŞİ YEKUNLAŞDI

İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəmizin ildönümü münasibətilə “Köhnə çamadanlar” adlı yeni ekran əsəri lentə alınır. Müharibə və qadınlar mövzusunun ana xətt olaraq keçdiyi filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, bəstəkarı Vüqar Camalzadə, prodüseri Tahir Əliyevdir. Layihənin rəhbəri Pərvinə İsmayılovadır. Real hadisələr əsasında çəkilən filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı iz buraxdığı insanlardır. Tamaşaçı ekran əsərində döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcək.