“KOMANDO” HƏRBİ-İDMAN OYUNLARI DÜŞƏRGƏSİNƏ START VERİLDİ

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində Ali məktəb və orta-ixtisas təhsili müəssisələri tələbələri arasında “Komando” hərbi-idman oyunları

düşərgəsinə start verilib. Qeyd edək ki, bu oyunlar Respublikada ilk dəfə olaraq həyata keçirilir. Düşərgə iştirakçıları əvvəlcə Ulu öndərin Quba şəhərinin Heydər Əliyev parkında yerləşən heykəli önünə gül-çiçək dəstələri düzüb, Əbədiyaşar Liderə ehtiramlarını bildirdilər. Sonra iştirakçılar işıq dirəklərinin hər birinin üzərində Qubalı şəhidlərin şəkilləri asılmış şəhərin ən böyük küçələrindən biri hesab edilən Molla Pənah Vaqif küçəsi ilə şəhidlər xiyabanına qədər olan 3 km.-lik yolu piyada qət etdilər. Qəhraman vətən oğullarının dəfn edildiyi şəhidlər xiyabanına gələn yürüş iştirakçıları şəhidlərin məzarları üzərinə gül dəstələri düzdülər. Yürüş iştirakçıları sonda Quba Soyqırımı Memorial Kompleksinə baş çəkdilər.1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı bilgi aldılar. Qeyd edək ki, “Komando” hərbi-idman oyunları düşərgəsi sentyabrın 17 –dək davam edəcək.