“AZƏRBAYCAN MƏDƏNİYYƏTİ VƏ ƏDƏBİYYATI GÜNLƏRİ”NİN SƏMƏRQƏNDDƏ AÇILIŞI OLUB
Baxış sayı: 423
Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Səmərqənd səhərindəki Gənclər sarayında möhtəşəm açılış mərasimi tədbiri keçirilib.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşan tədbirlər ölkənin Daşkənd vilayəti ilə yanaşı, Buxara, Səmərqənd və Nəvai vilayətlərini də əhatə edib.Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən bilgiyə görə,tədbirdə Səmərqənd vilayət hakimiyyətinin rəsmiləri, vilayətin elm, mədəniyyət, təhsil sahəsi üzrə xadimləri, Azərbaycandan gələn qonaqlar, universitet tələbələri, jurnalistlər, yerli azərbaycanlılar iştirak ediblər.
İştirakçılar tanınmış Azərbaycan ifaçılarının, o cümlədən Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova və Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalının “Qran-pri” mükafatçısı, tarzən Sahib Paşazadə, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Kövkəb Əliyeva adına Azərbaycan qızları" rəqs ansamblı rəngarəng çıxışılarını alqışlarla qarşılayıblar.