“AZƏRBAYCAN MUĞAMI” BRÜSSELDƏ
Baxış sayı: 706
Brüsselin BOZAR İncəsənət Sarayında ölməz muğam ustadı Xan Şuşinskinin əziz xatirəsinə həsr edilmiş “Azərbaycan muğamı” adlı konsertdə Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun üzvləri - tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov və nağarada Əməkdar artist Kamran Kərimovun ifasında Azərbaycan muğamları, Xan Şuşinskinin, Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun əsərləri və xalq mahnıları dinləyicilərə təqdim olunub. Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov tədbirin açılışında tamaşaçılara dünya mədəniyyətinə əvəzsiz töhfə vermiş Şuşa şəhərinin tarixi və görkəmli şəxsiyyətləri haqqında məlumat verib. Tamaşaçıların böyük marağına səbəb olan tədbirdə Belçika Parlamentinin və Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı qurumlarının, diplomatik korpusun, elm və mədəniyyət dairələrinin, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri ilə yanaşı, Benelüks ölkələrində yaşayan soydaşlarımız da iştirak etdilər.