“ARB GÜNƏŞ” TELEVİZİYA KANALINDA DƏYİRMİ MASA KEÇİRİLİB

Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə “ ARB ŞİMAL” regional yerüstü televiziya kanalında dəyirmi masa təşkil olunmuşdur. "Uşaqlara dair Strategiya"nın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı və Azərbaycan Respublikası Audiovizual Şurasının 2021-2023-cü illər üçün Kommunikasiya Strategiyasının həyata keçirilməsi üzrə 2022-ci ilin Fəaliyyət Planına uyğun olaraq Şura aparatının nümayəndələri 13 iyul 2022-ci il tarixində şimal bölgəsində fəaliyyət göstərən regional yerüstü televiziya yayımçısı olan "ARB günəş " kanalında görüş keçirmişlər. Görüş çərçivəsində kanalın rəhbərliyinin və məsul əməkdaşlarının, “ ARB ŞİMAL” ın və Qafqaz Televiziyasının əməkdaşlarının iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masa zamanı "Uşaqlara dair Strategiya"ya uyğun olaraq uşaqların zərərli informasiyadan qorunması ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandılrılması və maarifləndirmə işlərinin aparılması, uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin televiziya kanallarında işıqlandırılmasının əhəmiyyəti, habelə erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması sahəsində regional televiziya kanallarının rolu mövzularında müzakirələr aparılmışdır. Müzakirələr zamanı Şura nümayəndələri bu mövzularda xüsusi maarifləndirici proqramların təşkil edilməsi, sosial çarxların yayımlanması və bu yayımlar haqqında Şuraya hesabatların təqdim olunması sahəsində yayımçıya vəzifələrini və görüləcək tədbirləri izah etmişlər. Bundan sonra kanal əməkdaşlarının yayımın təşkili və yeni "Media haqqında" qanuna uyğun olaraq audiovizual proqramlar ilə bağlı tələblər haqqında suallarını Şura aparatının əməkdaşları cavablandılmışlar.