ƏMƏK YARMARKASI KEÇİRİLİB

Avqustun 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə Quba şəhərində işsiz və işaxtaran vətəndaşlar üçün növbəti əmək yarmarkası keçirilib.

Yarmarkada rayonda fəaliyyət göstərən 20-yə yaxın idarə, müəssisə və təşkilatlardakı  boş iş yeri işsiz və işaxtaran şəxslərə təklif olunub. Quba Mədəniyyət Mərkəzində təşkil olunan əmək yarmarkasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim edilib. Bununla yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb. Əmək yarmarkasında daha çox vakant iş yeri təklif edən qurumlardan biri də Quba Təhsil Şöbəsi olub. Təhsil Şöbəsi müxtəlif fənlər üzrə 208, 50-dən yuxarı psixoloq vakansiyası təklif edib. Vakant iş yerləri təqdim edən qurumlar arasında dövlət idarələri ilə yanaşı, özəl müəssisələr də yer alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti rəsmisinin sözlərinə əsasən yarmarkanın xidmətlərindən yararlanan vətəndaşların əksəriyyəti yeni iş yerləri ilə təmin olunublar.