ŞƏMKİRDƏKİ MARAL TƏSƏRRÜFATI TURİSTLƏRİN DİQQƏTİNİ ÇƏKİR.

 Şəmkir rayonunun Çənlibel kəndi ərazisində bir neçə ildir ki, altay maralları bəslənir.İri buynuzları ilə diqqət çəkən bu marallardan artıq bala da alınıb.Yerli iqlimə uyğunlaşan maralların saxlandığı məkan turistlərin də diqqətini cəlb edib.

Altay maralları Şəmkirin dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən Çənlibel kəndini özlərinə məskən seçib.50 hektar ərazidə yaradılan maral bağında heyvanlar burada otlayır, su içir, gəzir və çoxalırlar.Yeni yerlərində maralların yaşaması, qidalanması və xarici amillərdən, xüsusən də yırtıcı heyvanlardan qorunması üçün xüsusi şərait də yaradılıb. Maralları bəsləyənlər deyir ki, onlar olduqca həssas heyvanlardır. Hazırda buynuzlu erkək maralların sayı 5, dişilərin sayı isə 50-dir. Artıq onlar yeni yerlərində nəsil də verib. Altay maralları iqlimə də artıq uyğunlaşıblar.İnsanlar Çənlibelə, maralların məskəninə çevrilən bu dağlıq ərazilərə, onları görmək üçün gəlirlər.Ərazidə hələlik turistlərə ilkin xidmət göstərmək üçün müvafiq şərait yaradılıb.Yaxın gələcəkdə ailəvi istirahət üçün xüsusi otaqlar tikiləcək ki, burada gecələmək də mümkün olsun.