Quba rayonunun Qalaxudat kəndi sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn İxtiyar Bayram oğlu Bayramovun ad günü şəhidin məzarı önündə və evində, rayon
İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidimizin döyüş yoldaşları, kənd sakinləri, məktəblilər və şəhidin ailə üzvləri ilə birlikdə qeyd olundu. Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Çıxış edənlər şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etdilər. Mərasimdə şəhidin döyüş yoldaşları çıxış edərək 26 yaşı tamam olan şəhid İxtiyar Bayramovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər. Şəhidimizin doğum günündə Qələdüz məktəbinin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər. Şəhidin ailə üzvləri ad günündə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Bayramov İxtiyar, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Fizulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilmişdir.