ŞƏHİD ELŞƏN ƏRZUMANOV QUBADA DƏFN OLUNDU

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçisi Ərzumanov Elşən İsaməddin oğlunun nəşinin qalıqları 16 may 2025-ci il tarixdə şəhidin doğulduğu Quba şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunub. Əvvəlcə şəhid Quba şəhərinin girişində rayon ictimaiyyəti tərəfindən izdihamla qarşılanıb. Elşən Ərzumanovla ailəsinin yaşadığı evdə vida mərasimi keçirildikdən sonra onun Quba rayon Şəhidlər Xiyabanında dəfn mərasimi olub. Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Quba Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Tabuta bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin qardaşına təqdim edilib. Qeyd edək ki, 23 mart 1974-cü il tarixdə anadan olan E.Ərzumanov Kəlbəcər rayonunun Murovdağ istiqamətində xidmət edib, müxtəlif döyüşlərdə iştirak edib və 5 aprel 1993-cü il tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.