Şüşəli çimərliyin biri Kaliforniyada, digəri isə Rusiya tərəfindən qorunan Ussuri körfəzindədir. Kaliforniyadakı Şüşəli çimərlik Fort-Breqq sahil şəhəri yaxınlığında, Makkerriçer Milli parkında yerləşir.
Çimərliyi digərlərindən fərqləndirən cəhət sahilin qum, çınqıl yerinə şüşə daşlarla dolu olmasıdır.
Buna səbəb vaxtı ilə yerli sakinlərin buranı zibilxana kimi istifadə etməsi olub. Əhali bura şüşə, texnika və hətta köhnə nəqliyyat vasitələrini atırdı. 1967-cı ildə hökumət çimərliyi bağladı və ərazini təmizləmə proqramları həyata keçirdi. Nə qədər təmizlənsə də, okeanda olan şüşə parçaları dalğalar vasitəsilə sahilə geri qayıtdı. Lakin bir neçə onilliklər ərzində ekosistemin özünü bərpa etmə refleksi sayəsində külək, yağış və dalğaların təsiri ilə şüşə parçaları aşılanaraq adi daş şəklini aldı.
2002-ci ildə keçmiş tullantı ərazisi milli park ərazisi elan edildi və bura zibil atmaq qadağan olundu. Artıq çimərliyin təmizliyi ilə insanlar özləri maraqlı oldular. Sahil dəfələrlə təmizləndı. Zaman keçdikcə bölgə turist axınına məruz qaldı. Turistlərə çimərlikdən daş toplamaq qadağandır. Qadağan edilmənin səbəbi daşların məhdud sayda olmasıdır. Müxtəlif mənbələrə görə, sahil min il sonra adi qumlu çimərliyə çevriləcək.
Təbiətin möcüzəvi, möhtəşəm guşələrindən biri də Sakit Okeanın şimal sahilləridir. Sovet dövründə okeanın Ussuri körfəzi turistlərin şüşə tullantılarını atdığı bir yer olub. Rusların illərlə okeana atdığı şüşələr parçalanaraq çınqıl daşı formasında rəngarəng şəkildə sahilə çıxıblar. O dövrdə körfəzə atılan pivə, araq və şərab şüşələrinin qırıntıları hazırda okean sahillərinə girməyi imkansız hala gətirib. Lakin buna baxmayaraq, sahil turistlərin diqqəıtini cəlb edir. Şüşə çimərliyi adı verilən yer yavaş-yavaş turistlərin istirahət yerinə çevrilib. Rusların zamanında tullantılarla bərbad etdiyi ərazi hazırda Rusiya höküməti tərəfindən qorunan bölgəyə çevrilib.