ŞAHİN FAZİLƏ HƏSR OLUNAN ƏDƏBİ MƏCLİS KEÇİRİLİB

Qubanın “Azərkitab” kitab mərkəzində görkəmli alim, şair, tarix elmləri doktoru, professor Şahin Fazilin anadan olmasının 85 illiyinə həsr olunan ədəbi-bədii məclis keçirilib. Ədəbi məclis Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsi, “Ay işığı” ədəbi məclisi və mərhum professorun uzun illər rəhbərlik etdiyi “Məcmeyi-şüara” ədəbi məclisinin birgə təşkilatçılığı ilə baş tutub.Tədbirdə Şahin Fazilin qələm dostları, ədəbi məclis üzvləri, gənc yazarlar və sənətsevərlər iştirak ediblər. Məclisdə çıxış edənlər professorun ədəbi irsindən danışıb, onun Azərbaycan ədəbiyyatına və elminə verdiyi töhfələri xüsusi vurğulayıblar. Azərbaycan Milli Konservatoriyasının dosenti, şair Fəxrəddin Salim Şahin Fazillə bağlı xatirələrini bölüşüb, onun dilə və sözə olan həssas münasibətindən söz açıb. Qeyd edək ki, məclis boyu şairin yaradıcılığından parçalar səsləndirilib, iştirakçılar tərəfindən ona həsr edilmiş şeirlər oxunub. Ədəbi məclis, sadəcə bir xatirə anı yox, həm də gənc nəsil üçün ilham mənbəyi kimi yadda qalıb.