Qubanın Xınalıq kəndi istiqamətindən 14 km məsafədə, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə,boy-boya verib zirvələrə ucalan Şahdağ, Bazardüzü, Babadağ və Tufandağ arası çökəklikdəki düzənlik sahəni
Qubalılar Şahdüzü, qusarlılar isə Şahnabat yaylası adlandırır. Təbii sehri, füsunkarlığı ilə görənləri ağuşuna alıb ovsunlayan bu yaylaq barədə belə rəvayət olunur ki, qoşunuyla birlikdə hazırkı Quba- Qusar ərazisinə hücum edən İran hökmdarı Nadir şah Şah-dağın ətəyində məskən salır. Buralara elə heyran olur ki, Qusar çayının başlanğıc hissəsinə öz arvadı Şahnabatın adını verir. Elə o vaxtdan bu yeri belə çağırırlar. “Şahnabat” yaylağı bu gün Qusar üzrə gerçəkləşdirilən daxili turist marşrutlarından birini təşkil edir. Şahdağ haqqında başqa bir rəvayətdə deyilir ki, bura gələn Şah Abbas dağın ətəyində çadır qurduğu üçün dağ onun şərəfinə Şahdağ adlanır. Hökmdarın çadırının qurulduğu düz ərazi isə indiyədək Şah düzü adlanır. Həmin rəvayətə görə mənbəyini Şahdağdan götürən Şahnabat çayı isə guya Şah Abbasın arvadı Şahnabatın şərəfinə onun adı ilə adlandırılıb. Şahdüzü Azərbaycanımızın ən məşhur 6 yaylağından biridir. Başı göylərə ucalan dağlar bu yaylaqda birləşir.Yaşıl cəmənli düzənlər, ətrafında dövrələnən dağlardan sızan büllur kimi buz bulaqlar Şahdüzünün heyran olunası mənzərəsidir. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev və rayonun müvafiq qurumlarının rəhbərləri Şahdüzündə tərəkəmə həyatı yaşayıb heyvandarlıqla məşğul olan fermerlərlə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.Çoban obasında qonağ olanlar bu saf qəlbli, geniş ürəkli insanların müsafirpərvərliyini,tərəkəmə həyatlarının çətinliklərinə qarşı mübarizliyini yüksək dəyərləndirdilər. Qubanın Şahdüzü yaylağı görülməli, gəzilməli və heyran olunmalı məkanlardandır. Tanrı sığalı görən bu yerləri hər görən bir də görmək istər.