TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan
edilməsi ilə əlaqədar olaraq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Özbəkistanda "Şuşa günləri"nin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Özbəkistan Respublikasının Mədəniyyət və Turizm Naziri Ozodbek Nazarbekov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Özbəkistanın mədəni meros Agentliyinin rəhbəri Bahadur Abdukarimov, Daşkəndə akkreditə olunmuş Türk dövlətlərinin səfirləri, dövlət və hökumət nümayəndələri, çoxsaylı mötəbər qonaqlar və jurnalistlər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin önündə ucalan Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına, “Şəhidlər və Zəfər” abidə kompleksi önünə çələng və gül-çiçəklər qoyublar. Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Azad və çiçəklənən Şuşa” adlı foto və nəşr sərgisi təqdim edilib. Mədəniyyət Mərkəzinin böyük konfrans zalında davam edən tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə olaraq keçirilən “Şuşa Günləri” silsilə tədbirlərinin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, Özbəkistan mədəni-ictimai həyatı üçün də mühüm hadisə adlandırıb. Daha sonra çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Şuşanın Azərbaycan dövləti və xalqı üçün xüsusi yerə malik olduğunu vurğulayıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rəhbərlik etdiyi Fond tərəfindən dünyanın müxtəlif ölkələrində “Şuşa Günləri”nin keçirilməsinin planlaşdırıldığını və bu ilin ilk tədbirinin də Özbəkistanda keçirildiyini qeyd edib.
{youtube}ZLTWJG0Iic0{/youtube}