ÖZBƏKİSTANDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ ANILDI
Baxış sayı: 420
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Anım Günü ilə bağlı tədbir keçirilib. Anım Günündə Azərbaycanın Özbəkistandakı Səfirliyi, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, tələbələr, jurnalistlər, Azərbaycan diasporunun üzvləri və iş adamları iştirak ediblər. İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə və Şəhidlər bağındakı abidə kompleksinə gül və çiçəklər düzdülər. Mədəniyyət Mərkəzinin foyesində 27 sentyabr - Anım Günü ilə bağlı "44 gün: qəhrəmanlıq, zəfər və azadlıq" adlı kitab və foto sərgi iştirakçılara təqdim olundu. Əvvəlcə iştirakçılar Vətən müharibəsi şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad edib və tədbirdə Şəhidlərin əziz ruhuna quran surəsi və dualar oxunmuşdur. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, səfirliyin birinci katibi Samir Abbasov 44 günlük Vətən müharibəsi, torpaqlarımızın Ermənistan işğalından azad olunması, Azərbaycan əsgər və zabitlərinin yazdığı qəhrəmanlıq səlnaməsi haqqında danışaraq, 27 sentyabrın xalqımız üçün həm kədərli, həm də fəxr və qürurlu bir tarix olduğunu qeyd edib. O, bu tarixin 30 ilə yaxın Ermənistan işğalı altında olan Vətən torpaqlarının azadlığına gedən yolun başlanğıcı olduğunu söyləyib. Diplomat Ali baş komandan, prezident İlham Əliyevin qeyd etdiyi kimi Qarabağ münaqişəsinin artıq bitdiyini və regionda sülh və stabilliyin təmin edilməsi üçün Azərbaycanın Ermənistana 5 bəndlik sülh müqaviləsi təklifi irəli sürdüyünü vurğulayıb.