Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərinin “2024-cü ildə İslam dünyasının turizm paytaxtı” elan edilməsi ilə əlaqədar silsilə tədbirlərin keçirilməsini
nəzərdə tutan Qərarı imzalayıb. Bu qədim şəhər 2022-ci il iyunun 27-29-aralığında Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin XI sessiyasında İslam dünyasının turizm paytaxtı elan edilib. Özbəkistan KİV-lərinin verdiyi bilgiyə görə, 2024-cü ilin martında Xivə şəhərində “Xivə-2024-cü ildə İslam dünyasının turizm paytaxtı” çərçivəsində beynəlxalq tədbirlərin rəsmi açılış mərasimi, həmin ilin mayında isə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin XII sessiyası təşkil olunacaq. Eyni zamanda, “Taste of Uzbekistan Festival” qastronomik festivalının, Pəhləvan Mahmudun xatirəsinə həsr olunmuş “Strongman” beynəlxalq güləş turnirinin, habelə Beynəlxalq Zəvvar Turizmi Həftəsinin keçirilməsi nəzərdə tutulur. Bu ilin oktyabrında Xivə şəhərinin yerləşdiyi Xarəzm vilayətinə informasiya turlarının təşkili planlaşdırılır. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri və blogerlər bu tura cəlb olunacaq.