ZƏFƏR TARİXİ YAZAN 18 YAŞLI ŞƏHİD
Baxış sayı: 525
Azərbaycan Ordusunun Quru qoşunlarının əsgəri idi Musa. Musa Bəhrəm oğlu Məhəmmədov. Vətən qarşısında xidmət borcunu yerinə yetirməyə Zəfər tarixinin yazıldığı ildə, Goranboy rayonundakı N saylı hərbi hissədən başladı. Başladı elə Goranboy rayonunun Buzluq kəndi istiqamətində gedən döyüşlər zamanı da yurdunun qəhrəman oğlu kimi əbədiyyətə qovuşub adını tarixə yazdırdı. 44 günlük Vətən Müharibəsinə qədər əgər Musa Məhəmmədov Qubanın Zərdabi qəsəbsinin sakini, qonşu uşaqlarının dostu, ailəsinin tək oğul övladı idisə öz qanıyla adını Zəfər tarixi yazan şəhidlərimizin sırasına yazdırdıqdan sonra onu bütün Azərbaycan tanıdı. Tanıdı və adını ürəklərə yazdı.
Şəhidin ailə üzvlərini onun anım günündə tək qoymayan rayon ictimaiyyətinin nümayəndələri, qəsəbə sakinləri, şəhid valideynləri və qaziləri Ordumuzun 18 yaşlı şəhidi Musa Məhəmmədovun məzarı başına toplandılar. Şəhidin ruhuna dualar oxuyub, məzarı üstünə gül dəstələri düzdülər.
Yurdun oğul və qızları indi hər bir şəhid ailəsinin oğlu, qızıdı. İllər keçəcək, işğal altında, düşmən tapdağı altında olan torpaqlarımızı azad edib orda 3 rəngli Azərbaycan bayrağınıdalğalandıran igid oğullarımızın hər birinin adı, göstərdikləri igidliklər tarix dərsliklərinə salınacaq. Və bu igid qəhrəman oğullardan biri də 18 yaşlı şəhid Musa Məhəmmədov olacaq.
Xatırladaq ki, Zərdabi qəsəbəsində Musa Məhəmmədovun xatirəsinin əbədiləşdirilməsi üçün Onun adına ucaldılmış şəhidlər bulağı kompleksi var.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Musa Məhəmmədov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" ,"Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.