ZİRVƏLƏRDƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN QUBALI GİZİR
Baxış sayı: 459
İndi o da Yurdun igid oğulları kimi şəhidlik zirvəsinə ucalıb. Bəlkə də o qanlı Vətən Müharibəsində qəhrəmanlıq göstərəndə ürəyindən keşmişdi, şəhid olan döyüş yoldaşlarının yüksəldiyi ucallğa çatmaq. Amma özündən də önəmlisi şəhid qanı ilə Vətənləşən Torpağını qorumaq idi. Qorudu da. 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktına baxmayaraq erməni terrorçuları revanşist əməllərdən əl çəkinmədilər. Azərbaycan Ordusunun qazandığı qələbə ilə barışmayan düşmən qüvvələri bu gün də öz təxribatlarını davam etdirməkdədilər. Necəki Vətən Müharibəsi bitən kimi də davam etdirirdilər. Azərbaycan Ordusunun giziri Orxan Hətəm Oğlu Cabarov da erməni terrorçularının 2021-ci ilin 16 noyabrında Kəlbəcər rayonu istiqamətindəki təxribatının qarşısını alarkən yüksəldi şəhidlik zirvəsinə. Noyabrın 18-də Qubadakı Şəhidlər Xiyabanında torpağa tapşılan şəhid giziri anım günündə məzarı başına toplananlar, Quba rayon İcra hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanı əməkdaşları, şəhid valideynləri və yaxınları, ziyalılar və rayon ictimaiyyəti onu qürurla andılar. Şəhidin məzarı önünə gül dəstələri düzdülər, ruhuna dualar oxudular.