YURDUMUZA NOVRUZ GƏLİR, YAZ GƏLİR...

Yaz fəslinin təbiətə qədəm basmasını hər il xalqımız Novruz bayramı adı altında böyük coşqu ilə bayram edir. Bu baxımdan çox vaxt Novruz bayramını bahar bayramı - yəni yaz fəslinin gəlişi kimi də adlandırırlar. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Bu bayram 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır, uşaqlar novruzgülü dərmək üçün dağlara, yamaclara, meşələrə üz tuturlar. Bu gün də evlərdə bayram süfrəsi açılır, ləziz təamlar bişirilir, xonça bəzədilir və süfrəyə bayramın əsas atributlarından sayılan şəkərbura, qoğal və paxlava qoyulur. Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində asrtonomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. #Azərbaycan #Yaz #Novruz #Yazfəsli #Novruzbayramı