Yollar altından heyvanlar üçün tunellər tikiləcək

İsveçrəli təbiət mühafizəçiləri yolların altında heyvanlar üçün tunellər tikməyə çağırıblar

İsveçrədə yollar şəbəkəsinin genişlənməsi şəraitində vəhşi heyvanların sərbəst yerdəyişməsini təmin etmək məqsədilə onların yaşadığı yerlərin avtomobil və dəmiryollarla kəsişdiyi yerlərdə xüsusi yeraltı keçidlər və körpülər tikilməlidir.

TASS agentliyi xəbər verir ki, heyvanları müdafiə təşkilatı bu fikirdədir.

Pro Natura təşkilatının təşəbbüsü ilə Berndə keçirilmiş, dövlət təbiət mühafizə xidmətlərinin, ictimaiyyətin və biznes nümayəndələrinin iştirak etdiyi konfransda təşkilat hakimiyyət orqanlarını bu problemə diqqət yetirməyə çağırıb.

Forumda elan edilən məlumata görə, hazırda İsveçrədə vəhşi heyvanlar üçün 30 yeraltı keçid tikilib. Federal Yollar İdarəsinin nümayəndəsi Marqarita Trokme bildirib ki, hazırda daha iki tunel tikilir, 16 tunel layihələndirilmə mərhələsindədir. Lakin təşkilatda hesab edirlər ki, bu tədbirlər kifayət deyil, çünki “faunanın ehtiyaclarına onilliklər ərzində məhəl qoyulmayıb”.

Təşkilatın eksperti Sara Verli konfransda çıxış edərək hakimiyyət orqanlarını “heyvanlar üçün dəhlizlərin yenilənməsini sürətləndirmək məqsədilə yeni texniki imkanlardan istifadə etməyə” çağırıb. O, tunellərin və körpülərin betondan deyil, ağacdan tikilməsini təklif edib, çünki həm ağacdan istifadə edilməklə aparılan tikinti işləri qat-qat ucuz başa gəlir, həm də bu halda yeni tunellərin və körpülərin tikilməsi sürətlənə bilər.

Pro Natura təşkilatının verdiyi məlumata görə, İsveçrədə hər il avtomobillər və qatarlarla toqquşma nəticəsində təqribən 21 min iri heyvan məhv olur. Cüyürlərin yollara qaçması nəticəsində hər il təqribən 10 min qəza baş verir. Yol qəzalarının qurbanları siyahısında ikinci yeri tülkülər (təqribən 7,5 min), sonrakı yerləri porsuqlar (3 mindən çox), qabanlar (700-dən çox), marallar (650-dən çox), dovşanlar (600-dən çox) və dağkeçiləri (30-dan çox) tutur. Rəsmi statistikada kiçik ölçülü fauna nümayəndələri – kirpilər, qurbağalar və quru qurbağaları hesaba alınmır.