Son illərdə Qubada gedən tikinti-quruculuq işləri, yol infrastrukturunun müasir tələblərə cavab verən formada tikilməsi və qurulması rayonun sakinlərinin və bura gələn qonaqların işini asanlaşdırıb.
Quba şəhərində və rayonun kəndlərində yeni yolların çəkilməsi insanların yaşamlarını yaxşılaşdırmaqdan başqa avtomobillərin, sərnişin və piyadaların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Respublikada şəxsi avtomobillərin sayının gündən- günə artması avtomobil yollarında hərəkətin təhlükəsizliyinə ciddi əməl olunmasını daha da zəruri edib. Bu məsələdə avtomobil sürücüləri ilə yanaşı, piyadaların da üzərinə mühüm vəzifələr düşür. Aidiyyəti qurumlar tərəfindən yollarda müxtəlif nişanlar qoyulub, piyada keçidləri müəyyənləşdirilib. Yol hərəkəti qaydalarına əməl etmək üçün, ilk növbədə, bu qaydaları bilmək vacibdir. Yol hərəkəti qaydalarına əməl etmək isə hər kəsin vətəndaşlıq borcudur. Məlumat üçün bildirək ki, sürücülər piyadaya piyada keçidinə daxil olan kimi yol vermək məcburiyyətində deyil. Yəni sürücü piyadanın hərəkət surətini və hərəkət istiqamətini dəyişdirməmək şərti ilə hərəkətinə davam edə bilər. Sonda onu da qeyd edək ki, yollarda qəzalara səbəb olmamaq üçün sürücülər piyadaların hərəkəti ilə öz hərəkətlərini tənzimləməyi bacarmalıdırlar. Sürücü düşünməlidir ki, mən indi keçsəm, piyadaya mane oluram, yoxsa yox?! Piyadalar da ehtiyatla hərəkət etməlidirlər ki, qəza vəziyyəti yaratmasınlar.