Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının XII hesabat konfransı keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quba şəhərindəki adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Konfransda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova hesabat məruzəsi ilə çıxış edib.Sədr bildirib ki, YAP aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 34 il ərzində bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək mühüm uğurlara imza atıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müstəqil, demokratik Azərbaycan və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi siyasət ölkənin bugünkü inkişafının əsasını təşkil edir. Fidan Hüseynova bildirib ki, YAP Quba rayon təşkilatının 76 ərazi partiya təşkilatında 10 128 üzv birləşib. Onlardan 4 476 nəfəri qadın, 1 522 nəfəri isə gənclərdir. XI konfransdan ötən dövr ərzində rayon təşkilatının sıralarına 1 870 nəfər qəbul olunub. Konfransda çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov YAP-ın keçdiyi inkişaf yolundan və Ulu Öndər Heydər Əliyevin partiyanın formalaşması və inkişafındakı xidmətlərindən danışıb. O, Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin Azərbaycanın davamlı inkişafına, siyasi sabitliyinə və beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində ölkəmiz 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa edib və regionda yeni reallıqlar yaradıb. Deputat bu uğurların əldə olunmasında YAP-ın və onun üzvlərinin də mühüm rol oynadığını qeyd edib. Milli Məclisin deputatı Müşfiq Məmmədli YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. O, partiyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin reallaşdırılmasında fəal iştirak etdiyini bildirib və qarşıdakı dövrdə qarşıya qoyulan vəzifələrin də uğurla icra olunacağına əminliyini ifadə edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllimi, partiya veteranı Elza Orucova YAP-ın yaradılmasının Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. O, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın güclü və nüfuzlu dövlətə çevrildiyini vurğulayıb. YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov konfrans münasibətilə YAP Quba rayon təşkilatının üzvlərini təbrik edib. O, hesabat dövründə rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirib və qarşıdakı dövrdə partiya fəaliyyətinin daha da gücləndirilməsi, üzvlər arasında həmrəyliyin və ictimai fəallığın artırılması istiqamətində uğurlar arzulayıb. Konfransda YAP Quba rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib. Konfrans YAP himninin səsləndirilməsi ilə başa çatıb.
