Azərbaycanın ən iri heyvandarlıq təsərrüfatlarından olan “Yalama Aqropark”da saxlanılan heyvanların sayı üç il ərzində 3 min başa çatdırılıb. Aqroparkda “Simmental” cinsinə aid südlük-ətlik istiqamətli heyvanlar saxlanılır.
Bu heyvanlarda südün keyfiyyəti göstəricilərinə görə digər cinslərdən fərqlənir. Hazırda müəssisədə gündəlik süd istehsalı 18-20 ton təşkil edir. Aylıq göstərici isə 600 tona yaxındır. Bir ay ərzində diri çəkidə ət istehsalı isə 40-50 ton arasında dəyişir. Qarşıya qoyulan tapşırığa uyğun olaraq “Yalama Aqropark”ın əkin sahələri 3 dəfə artırılıb, eyni zamanda, istehsal genişləndirilib. Əkin dövriyyəsinə cəlb edilən yeni torpaqlarda kollektor-drenaj sistemləri təmizlənib, mövcud suvarma kanalları bərpa edilib. Bununla yanaşı, təsərrüfatda ümumi tutumu 10 min ton olan 3 silos quyusu tikilib, yem tədarükü və emalının tələbata uyğun formada təmini üçün taxıl saxlama bunkeri quraşdırılıb. Qeyd edək ki, Azərbaycanda yaradılan ilk aqropark Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşir. 2016-cı il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Yalama Aqropark”ın açılış mərasimi keçirilib. Layihənin ilkin mərhələsinə uyğun olaraq, “Yalama Aqropark”da 3 min başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb.