XOCAVƏND QARTALI
Baxış sayı: 482
Onlar dünyaya sağlam göz açır, sağlam böyüyürlər. Ancaq yaranan bir zərurət onların həyat planlarının və sağlamlıqlarının üzərindən xət çəkir. O zərurət ki, onun yaranma səbəbi Vətənin müdafiəsi qədər şərəfli olur. Zaur Gülməmmədov ömrünün ən gənc çağlarından könüllü olaraq ordu sıralarına yazılıb. O, əlinə silah götürəndə kəndlərindəki orta məktəbin 8-ci sinfində təhsil alırdı. 15 yaşı yenicə tamam olmuş bu yeniyetmə düşmənin tarixi torpaqlarımıza göz dikməsinə silahla etiraz edən şəxslərdəndir. Qəhrəmanımız 1989-cu ildə müharibənin ilk günlərindən döyüşlərə qatılmağa başlayıb. Zaur Həsrət oğlu Gülməmmədov 1975-ci il fevralın 5-də Xocavənd rayonunun Kurapatkina kəndində dünyaya göz açıb. O, hələ məktəbdə təhsil aldığı illərdə erməni vandallarının kəndlərə basqın etməsini və dinc sakinləri qətlə yetirmələrinin şahidi olurdu. Həmin vaxt yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanın hələ nizami ordusu olmadığından, kəndlərdə və qəsəbələrdə könüllülərdən ibarət özünümüdafiə dəstələri yaranmağa başlamışdı.