XOCALI ŞƏHİDLƏRİ HAÇA DAĞINDA ANILDI

 Türkiyəli alpinistlər Xocalı şəhidləri üçün dağa dırmandılar .Haça dağına dırmaşan türk alpinistləri 28 il əvvəl Xocalı faciəsində şəhid olanların xatirəsini yad etdilər.

Qardaş ölkənin Qars, Ağrı və İğdır şəhərlərindən olan 35 alpinist 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilən dəhşətli faciədə qətlə yetirilən qardaş-bacılarımızın xatirəsini yad ediblər.Bu məqsədlə alpinistlər Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisindəki hündürlüyü 2426 metr olan Haça dağına yürüş ediblər. İştirakçılar yürüşə Culfa rayonun Gal kəndindən start veriblər. Səhər saat 8 – də başlanılan yürüşdə idmançılar 6 saatlıq yol qət ediblər. Aşılması çətin olan və qarla örtülü sıldırım qayalardan keçən alpinistlər 9 km məsafə qət edərək sonunda zirvəyə çatmağı bacarıblar. Yürüş iştirakçıları zirvədə hər iki ölkənin dövlət bayraqlarını dalğalandırıblar. Xatırladaq ki, Xocalıda yaşananların dünyaya çatdırılması məqsədini daşıyan sözü gedən yürüş Türkiyəli alpinistlər tərəfindən ənənəvi olaraq hər il təşkil olunur.