Tədbir əvvəlcə xocalı soyqırımına həsr olunan filmin təqdimatı ilə başlayıb. Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə keçirilən gecəyə Rusiyanın Şimal paytaxtının ictimai və siyasi xadimləri, Sankt-Peterburqda yaşayan xalqların diaspor təşkilatlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri, tələbələr toplaşıblar. Əvvəlcə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov Azərbaycan xalqının tarixində müdhiş faciədən danışaraq deyib: “28 il əvvəl – 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə baş verib: şəhər erməni silahlı dəstələri tərəfindən işğal edilib. Şəhərə hücum yaylım atəşi ilə başlayıb. Nəticədə 613 dinc sakin həlak olub, 487 nəfər yaralanıb, 1275 sakin əsir götürülüb, 150 xocalılı itkin düşüb. Dinc əhali xüsusi amansızlıqla məhv edilib. Bu, Azərbaycan xalqına qarşı törədilmiş əsl soyqırımı idi”. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov da çıxış edərək xatırladıb ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın hər yerində müxtəlif tədbirlər keçirilir. O əlavə edib ki, kampaniya beynəlxalq ictimaiyyətin Xocalı hadisələri barədə daha geniş məlumatlandırılması məqsədi daşıyır. Konsul tarixi reallıqların düzgün işıqlandırılmasının və bu dəhşətli cinayəti törədənlərin pislənməsinin əhəmiyyətini vurğulayıb. Tədbirdə həmçinin Sankt-Peterburqda yaşayan Tacikistan,Qazaxıstan,Çeçenistan ,İnquşetiya ,Əfqanistan və Tatarıstanxalqlarının diaspor təşkilatlarının rəhbərləri də cıxış edib.