Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 28 ili tamam olur.Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım cinayətlərinin ən dəhşətlisi hesab edilir.
Xocalı soyqırımından 28 il keçməsinə baxmayaraq, bu faciənin ağrı-acısını xalqımız hələ də yaşamaqdadır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 70 000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır. Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlandı. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. Bu qırğının nəticəsində 613 nəfər həlak olub, onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfərdir. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirmişdir 487 nəfər yaralanmışdır, onlardan 76 nəfərı isə uşaqlar idi. 1275 nəfər əsir götürülüb. 150 nəfərin taleyi isə hələdə məlum deyil. Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ötən illərdə ölkəmizdə ciddi işlər görülüb və genişmiqyaslı kampaniya bu gün də davam edir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə son bir əsrdə ermənilərin xalqımıza qarşı törətdiyi davamlı soyqırımına, eləcə də Xocalı qətliamına hüquqi-siyasi qiymət verilib. Xocalı soyqırımının dünyaya çatdırılmasında və ona siyasi qiymətin coğrafiyasının genişləndirilməsində Heydər Əliyev Fondunun məqsədyönlü fəaliyyəti ciddi dəyişikliklər yaradıb. Erməni silahlı birləşmələrinin 28 il əvvəl azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının beynəlxalq aləmdə daha geniş tanıtdırılması qətiyyətlə davam etdirilməlidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” məlumatlandırma kampaniyası çərçivəsində soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımlar atılır. Hər il fevralın 26-ı Xocalı soyqırımının qurbanlarının anım mərasimi keçirilir.