XINA GÖRÜN NƏLƏRƏ FAYDALI İMİŞ
Baxış sayı: 15
Xına boya və dərman əhəmiyyətli bitki kimi çox qədim zamanlardan istifadə edilir. Mərkəzi Asiya ölkələrində xınadan bədəndə döymə naxışların, yazıların və şəkillərin vurulması böyük populyarlıq qazanıb. Boyaq və dərman əhəmiyyətli vasitə əldə etmək üçün xınanın yarpaqlarını payızda toplayır, qurudub xırdalayır və hər 10 kiloqramına 1 kiloqram gənəgərçək tozunu əlavə edirlər. Alınan qarışıq qırmızı rəngli tozdan ibarət olur. Xına təkcə boyayıcı maddə deyil, həm də müalicəvi xüsusiyyətlərə malik olan bir vasitədir. Xına çox güclü dezinfeksiyaedici təsirə malik olduğuna görə onu yaraların və zədələrin, həmçinin dermatoloji və sümük xəstəliklərinin, baş ağrılarının müalicəsində istifadə edirlər. Həkimlərin dediyinə görə, stomatit, dil, yanaq və dodaqlarda yaranan xoralar zamanı xına ilə qarqara etmək faydalı təsir göstərir. Kəskin iltihab və abseslərdə, kürək nahiyəsində ağrılar baş verdikdə qızılgül yağı, təbii mum və xınanın ekstraktının qarışığı çox səmərəli sakitləşdirici təsir göstərən vasitə kimi tətbiq olunur. Diş ağrılarında xınanın tozunu su ilə qarışdırıb dişin oyuğuna qoyurlar. Xına tozunun sıyığı baş ağrıları zamanı həmin nahiyələrə yaxılır. Həmçinin xına göbələk, saç tökülməsi və diz ağrılarının aradan qaldırılmasınada müsbət təsir göstərir. Xalq təbabətində xına uşaqlarda təsadüf edilən zolotuxa adı ilə tanıdığımız xənazir, həmçinin ekzema və digər çətin sağalan dəri xəstəliklərinin müalicəsində də tətbiq olunur.