XAÇMAZDA VƏTƏNDAŞLARLA GÖRÜŞ KEÇİRİLİB

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri

Əhməd Əhmədzadə sentyabrın 18-də Xaçmaz şəhərində vətəndaşların müraciətlərini dinləyib. Qəbuldan əvvəl Cəmiyyətin sədri Əhməd Əhmədzadə və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Xaçmaz Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, suvarma kanallarının beton üzlüyə alınması, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerində öz həllini tapıb, digər müraciətlər üzrə ASC-nin məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sentyabrın 20-də Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Qusar, Rafiq Aslanov isə Quba rayonlarında vətəndaşları fərdi qaydada qəbul edəcək.