Xaçmaz rayonunun Hacıəlibəy kəndində qəbiristanlığı su basıb. Səbəb isə kanalizasiya borusunun tıxanmasıdır.
Ərazidə kanalizasiya xəttinin tutulması nəticəsində yağış suları qəbiristanlığın ərazisində toplanıb. Nəticədə bəzi qəbirlər su altında qalıb.Hazırda ərazidə yığılan suyun çəkilməsi istiqamətində iş aparılır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb olunub. Müvafiq qurumlar yaranmış fəsadın aradan qaldırılması üçün tədbirlər görür.Amma problemin yalnız suyun çəkilməsi ilə yekunlaşmayacağı bildirilir. Çünki qarşıdan qış fəsli gəlir. Bu isə yağıntıların artması və eyni problemin yenidən yaşanması riskini artırır.Ona görə də kanalizasiya borusunun tam şəkildə təmizlənməsi və xəttin işlək vəziyyətə gətirilməsi vacibdir. Əks halda növbəti intensiv yağıntılar zamanı qəbiristanlığın yenidən su altında qalması istisna edilmir. Problemin yaranmasına səbəb olan amillərdən biri də məişət tullantılarının kanalizasiya xəttinə atılmasıdır. Aidiyyəti qurumlar ərazidə bu cür halların qarşısının alınmasının vacibliyini bildirirlər. Aidiyyatı qurumlar sakinlərə də müraciət ünvanlayıblar. Kanalizasiya borularının tutulmasının əsas səbəblərindən biri məişət tullantılarının və müxtəlif əşyaların xəttə atılmasıdır. Bu səbəbdən sakinlərdən xahiş olunur ki, kanalizasiya quyularına və borulara zibil, plastik və digər tullantılar atmasınlar. Əks halda, xüsusilə yağıntılı havalarda boruların tutulması su basmalarına və daha ciddi fəsadlara səbəb ola bilər. Unutmayaq ki, kanalizasiya xəttinə atılan hər bir tullantı gec-tez problemin özünə çevrilir.
