XAÇMAZDA AQRAR BİZNES VƏ ŞAFTALI FESTİVALI KEÇİRİLİB

Xaçmaz rayonunda “Aqrar Biznes” və “Şaftalı” Festivalı keçirilib. Festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Xaçmaz Rayon İcra Hakimiyyəti və “Food City Agrocomplex”in birgə təşkilatçılığı ilə keçirilib. Festival çərçivəsində Xaçmaz rayonundan olan fermerlər və təsərrüfat sahibləri öz məhsullarını – xüsusilə də yerli şaftalı sortlarını sərgiləyiblər. Sərgidə kənd təsərrüfatı məhsulları ilə yanaşı, texnoloji yeniliklər, innovativ aqrar xidmətlər və müxtəlif yerli brendlər də təqdim olunub.Festivalların keçirilməsində əsas məqsəd regionun kənd təsərrüfatı potensialını daha geniş ictimaiyyətə tanıtmaq, yerli fermerləri və aqrar sahədə fəaliyyət göstərən sahibkarları dəstəkləmək, eyni zamanda bölgənin aqroturizm imkanlarının inkişafına töhfə verməkdir. Qeyd edək ki, Festival iştirakçıları arasında yerli istehsalçılar, aqrar şirkətlər, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların nümayəndələri, eləcə də digər dövlət qurumlarının əməkdaşları yer alıblar. Festival gün ərzində maraqlı və rəngarəng proqramla davam edib. Yerli sakinlər, turistlər və ailələr üçün təşkil olunan mədəni-əyləncəli proqramlar, folklor çıxışları, kulinariya təqdimatları və dequstasiya guşələri tədbirə xüsusi rəng qatıb.