Tundrada çətin iqlim şəraitində, 50 dərəcə soyuqda yaşayan xant xalqının maraqlı adətləri var. Maral dərisindən çadırlarda yaşayıb, çoxlu sayda övlad böyüdülən bu
ailələrdə qadınların çiyninə xüsusi yük düşür. Üstəlik, onlara bir sıra sərt qadağalar da qoyulub. Maral sürülərinə baxmaq üçün xantı ailələrində çoxlu uşaq doğulmalıdır. Bir ailədə 10 uşağın olması adi haldır. Demək olar ki, hamısı eyni çadırda, maral dərisi ilə örtülmüş çum adlı yerlərdə qalırlar. Qadınlar yemək bişirməli, təsərrüfatı idarə etməli, paltar tikməli, sobanın daim gur yanmasına diqqət etməlidir. Xantıların evinə gəlmiş qonaq getmək üçün ayağa qalxanda qadın mütləq süfrənin və ya masanın bir küncünə əlini basıb saxlamalıdır. Xantıların inancına görə belə etməsələr, qonaq çumdakı bərəkəti özü ilə çəkib apara bilər. Hər çumun arxa tərəfində bu xalqların müqəddəs saydıqları tanrılarının heykəlçikləri olan balaca çadırlar olur. Qadınlara bu çadırlara girmək qadağandır. Üstəlik bu çadırlara arxa çevirib getmək də günah sayılır. Ona görə evlərinə gələn ilk qonağa “tanrılarının” yerini göstərib, ona xüsusi ehtiram göstərilməsini tələb edirlər. Xantların maraqlı bayram adətləri də var. Belə ki, onlar bayramları müqəddəs saydıları heyvanlarla əlaqələndirirlər. Məsələn yazda mülayim havanı özündə əks etdirən “qarğa bayramı” qeyd olunur. Bunu cənubdan-şimala ilk olaraq qayıdan quşların qarğalar olması ilə əlaqələndirirlər. Mayda xantlar buzların əriməsi ilə çaylarda sululuğun artması şərəfinə “Su çarı” adlandırdıqları bayramı qeyd edirlər. Yayda isə ağac parçalarından hazırlanan qayığın şərəfinə “Qayıq” bayramını qeyd olunur. Bu bayramda kişilər arasında qayıq yarışları keçirilir. Ancaq xantlar üçün əsas bayram Ayıların şərəfinə keçirilən “Ayı günü”dür. Xantlar ayını güc və çeviklik simvolu hesab edirlər. Bunun üçün də bu bayramda xantlar əllərində ox-yay xüsusi rəqslər və ayinlər icra edirlər. Müassir xantlar mart ayında maralçılıqla bağlı olan Maralçı bayramını qeyd edirlər. Bu bayram ov mövsümünün sonunda keçirilir. Bu bayramın da özünəməxsus oyunları, yarışları və rəqsləri var. Qeyd edək ki, ümumən rusiyada 300 minə yaxın xant yaşayır. Xantlar maralçılıq, balıqçılıq və ovçuluqla məşğul olurlar. Xantların əsas dini inancları şamanlıqdır.