“XALQA XİDMƏTDƏ KEÇƏN ÖMÜR”

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə Quba rayonunda “Xalqa xidmətdə keçən ömür” adlı tədbir  keçirilib.

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə Qubada keçirilən tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, 1969-cu il iyulun 14-nün Azərbaycanın yeni tarixində müstəsna özəlliyi  var. Həmin gün Ulu Öndər Heydər Əliyev respublikanın rəhbərliyinə yüksəlib. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb.O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. İcra başçısı Ziyəddin Əliyev onu da xüsusi vurğulayıb ki,Ulu Öndər Heydər Əliyev və onun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı bugünkü nailiyyətlərə addım-addım gətirmişlər. Bu gün Azərbaycan ölkə vətəndaşlarının tam etimad bəslədiyi, özünə alternativsiz Lider olaraq gördüyü möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, özünün intibah dövrünü yaşayır. Ulu Ödər Heydər Əliyevin xaos və anarxiyadan xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə Qubada keçirilən tədbirdə dövlət başçımızın sərəncamı ilə “Dövlət Qulluğunda fərqlənməyə görə” və “Azərbaycan Xalq Cümhuriyyətinin Yüz İlliyi” yubiley medalları ilə təltif olunanlara ali mükafatları təqdim olunub. “Dövlət Qulluğunda Fərqlənməyə görə” medalı ilə təltif olunan Quba rayon icra hakimiyyəti başçısının müavini Xanlar Heybətov, “Azərbaycan Xalq Cümhuriyyətinin Yüz İlliyi” yubiley medalı ilə təltif olunan Fuad Orucov, Səfər Bayramov,Sara Ağayeva və Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev onlara göstərilən yüksək etimada görə dövlət başçımıza minnətdarlıqlarını bildiriblər. Rəsmi hissədən sonra  Azərbaycan Milli Konservatoriyası kollektivinin ifasında  konsert  proqramı nümayiş etdirilib.Xalq artisti Mənsum İbrahimov, Əməkdar Artistlər  Anar Şuşalı, Zenfira İsmayılova  və digər ifaçıların Vətənə və Ulu Öndərə həsr olunan mahnıları qubalılarda və rayonun qonaqlarında xoş duyğular oyadıb.Tədbirdən sonra səhnədə rayon rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyası kollektivinin söhbətində Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət  xadimlərinə xüsusi diqqət və qayğısı ehtiramla xatırlanıb.