Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun anım günüdür
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə
artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid olmuş M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olub.2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılıb
Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçərək xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. O, bir müddət mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayaraq öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Mübariz İbrahimovun vətən uğurunda canından keçdiyi ildə də Azərbaycan Prezidenti İlham Əliyev ona Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayır. Prezidentin sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə Biləsuvar rayonunun orta məktəblərindən birinə, Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adı verilib.