Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin
Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qubada keçirilən “Vətən bizə əmanətdir” yay istirahət düşərgəsində iştirak edən yeniyetmə və gənclər, həmçinin Azərbaycan Ordusunun ehtiyatda olan zabitləri ilə görüşüb. Düşərgə iştirakçılarını salamlayan rayon rəhbəri Azərbaycanda, o cümlədən Qubada gedən sosial iqtisadi inkişafdan, Ordu quruculuğundakı nailiyyyətlərdən bəhs edərək bildirdi ki, Azərbaycanın qüdrətli və yenilməz Ordusu var və düşərgə müddətində bunu yeniyetmə və gənclər öz gözləri ilə yaxından gördülər
Görüşdə iştirak edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev də çıxış edərək, torpaqlarımızın işğal altında olduğu bir vaxtda bilikli və cəsur zabitlərimizə daha çox ehtiyac duyulduğunu bildirib, keçirilən layihənin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu gün qarşıda duran ən ali vəzifələrdən biri gənclərin hərbi-vətənpərvərlik ruhunda, azərbaycançılıq ideologiyası ilə tərbiyə edilməsidir. Müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür. Bu baxımdan qeyd olunan layihədə əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaq, gənclərdə ordumuza olan inamın artırılmasına böyük dəstək olmaqdır.
Onu da qeyd edək ki, bir həftə davam edən düşərgəyə şəhid ailələrinin, müharibə əlilləri və iştirakçılarının, müharibə veteranlarının, həmçinin 20 Yanvar şəhidlərinin ailə üzvləri olan yeniyetmə və gənclər cəlb olunub. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı,Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi layihəyə tərəfdaşlığı təşkil olunan düşərgə müddətində iştirakçılar müvafiq qurumların hərbi hissələrində təlimlərə cəlb olunub, hərb elminin sirlərinə yiyələniblər. Yeniyetmələrə silah və hərbi texnika, əsgərlərin yaşam tərzi, sərhədlərimizin qorunması haqqında peşəkar zabitlər tərəfindən ətraflı məlumat verilib.