V İSLAM HƏMRƏYLİYİ OYUNLARININ AÇILIŞ OLUB

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Tədbirin tamaşaçıları arenaya daxil olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını hərarətlə alqışladılar. Açılış mərasimində Türkiyə tarixinin müxtəlif dövrlərini və mədəni zənginliklərini əks etdirən kompozisiya nümayiş olunub. “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarının könüllülərinin və komandaların paradı olub. Azərbaycan atletləri meydana dördüncü daxil oldular. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın üzvlərini hərarətlə alqışladılar. Açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova apardılar. Azərbaycanı bu yarışda 281 idmançı təmsil edir. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.