UZUNÖMÜRLÜLÜYÜN BİLİNMƏYƏN SİRRİ AÇILDI
Baxış sayı: 105
Daima fiziki hərəkət, düzgün qidalanma, pis vərdişlərdən imtina və ekoloji cəhətdən təmiz ərazilərdə yaşamaq. Çoxumuz insanın uzun ömür sürməsinə kömək edən bu amilləri bilirik. Çünki, həkimlər də hər zaman bu amillərdən danışırlar. Ancaq tanınmış Amerikalı psixiatr Robert Valdinqer bildirib ki, uzunömürlülüyü təmin edən əsas amil fiziki hərəkətlər və düzgün qidalanma deyil, sosial əlaqələrdir. Qafqaz TV bu barədə bilgini Medicina AZ.-a istinadən xəbər verir. Sosial əlaqələr bədənə mənfi təsir göstərən stresi aradan qaldırır. O, bu barədə uzun müddət apardığı elmi araşdırmalar nəticəsində aşkarladığı uzunömürlülüyün gözlənilməz amilindən "El Español" nəşrinə müsahibə verərkən bəhs edib. Həkimin sözlərinə görə, uzunömürlülük üçün böyük jestlər etmək vacib deyil. Sadəcə ailə və dostlara qayğı göstərmək kifayətdir. Bu səbəbdən ayrıla bilmədiyimiz telefon və kompyuteri bir müddət kənara qoyub yaxınlarla vaxt keçirmək faydalıdır. "Bundan əlavə, darıxdırıcı əlaqələri canlandırmaq üçün ümumi fəaliyyət növləri tapmaq mümkündür", - deyə Robert Valdinqer vurğulayıb. Qeyd edək ki, Worldometer statistik platformasının verdiyi bilgiyə görə, dünya ölkələri arasında ən uzunömürlü insanlar Honq-Konq – da yaşayır. Bu ölkədə orta ömür uzunluğu 85 il 6 ay, ikinci yerdə 84 il 8 ay yaşla Yaponiya, üçüncü yerdə isə 84 il 4 ay yaşla Cənubi Koreya gəlir.