Avqustun 30-da Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə qardaş ölkənin Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.
Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib. Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Bayramı və Silahlı Qüvvələr Günü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbriki oxunub.
Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxış edərək Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Gününün tarixindən, eləcə də ölkəsinin müasir inkişafından danışıb. Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirən Baş konsul ölkələrimiz arasındakı əlaqələrin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığın ilbəil genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov rəsmi qəbulda çıxış edərək deyib: “Azərbaycan-Türkiyə dost və qardaş ölkələrdir. Xalqlarımız arasındakı tarixi köklərə əsaslanan birlik və bərabərlik bu gün daha da möhkəmlənib, ikitərəfli münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri və rolu vardır. Xüsusilə ordu quruculuğu sahəsindəki əməkdaşlıq məmnunluq doğurur”.
Ali Məclis Sədrinin birinci müavini Zəfər Bayramının 97-ci ildönümü və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.