TÜRKİYƏLİ QONAQLAR QUBAYA SƏFƏR EDİBLƏR
Baxış sayı: 161
Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin rəhbəri Səfər Qaraqoyunlunun başçılığı ilə dərnək üzvləri Quba şəhərində səfərdə olublar. Səfərin məqsədi Türkiyə və Azərbaycan arasında olan dostluq, qardaşlıq və həmrəylik bağlarını daha da genişləndirməkdir. Qonaqlar ilk olaraq Quba Soyqırımı Memorial Kompleksinə baş çəkdilər. Dərnək üzvləri 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı bilgiləndirildilər. Səfər Qaraqoyunlu muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra, qonaqlar Quba şəhərinin Əliqulu Nərimanov küçəsində iki qardaş dövlətin şərəfinə yaradılmış Azərbaycan-Türkiyə Qardaşlıq Parkı ilə tanış oldular. Qeyd edək ki, Azərbaycan-Türkiyə qardaşlıq parkı ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 2021-ci il mayın 10-da istifadəyə verilib. Sonra qonaqlar Quba şəhərinin Yusif Qasımov küçəsində yerləşən Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsinə salınan "Media şəhidləri" parkını ziyarət ediblər. Parkda jurnalistlərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar. Səfərin sonunda qonaqlarla Quba Rayon İcra Hakimiyyətində görüş keçirilib. Rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov qonaqlara Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı bilgi verib. Bildirilib ki, iki qardaş ölkə arasındakı mövcud münasibətlər bütün sahələri əhatə etməklə yüksələn xətlə inkişaf edir. Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin rəhbəri Səfər Qaraqoyunlu Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbədən söz açıb, həmçinin hər səfərlərində Azərbaycanın inkişafına heyran qaldıqlarını və bundan qürur duyduqlarını da dilə gətiriblər.